kanal1

HƏMRƏYLİYİMİZ VƏ BİRLİYİMİZ ƏBƏDİDİR

Tarix:28-12-2021, 11:59
Baxış Sayı:265

HƏMRƏYLİYİMİZ VƏ BİRLİYİMİZ ƏBƏDİDİR


















Hər bir xalqın tarixi taleyində yadda qalan, şərəfli, mühüm əhəmiyyətli və olduqca əlamətdar günlər olur. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Azərbaycan xalqının tarixində belə unudulmaz günlərdən biri də, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Ötən əsrin sonlarında regionda və dünyada gedən prosesləri təhlil etdikdə bir daha görürük ki, 1990-cı ildən Naxçıvandan başlanan Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində mühüm rol oynadı. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər, xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri şanlı Qələbəmizə layiqli töhfə olmuşdur.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun qəhrəmanlıqları əbədi olaraq həmrəyliyimizin və gücümüzün simvolu kimi yaddaşlarımızda qalacaqdır!

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilib, beynəlxalq aləmdə onun nüfuzu xeyli artıb. Bu gün biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görür. Bu isə onların milli şüurunu, milli təfəkkürünü və milli özünüdərki prosesini gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.

Artıq Qalib xalq kimi bu gün bütün platformalarda mənfur və amansız düşmən üzərində təkbaşına əldə etdiyimiz şanlı Zəfər, eyni zamanda haqq-ədalətin bərpası baxımından milli birliyimiz və həmrəyliyimiz sayəsində dünyada böyük hörmət və dəstək qazandıq. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımız bu tarixi və əfsanəvi qəhrəmanlığın sevincini yaşamaqla, həm də tapdanmış qürurumuzun bərpası və şərəfli missiyanın daşıyıcısı kimi də, son dərəcə mənəvi rahatlıq içərisindədirlər. Bu baxımdan gələcək fəaliyyətimizdə hər birimiz üçün müqəddəs məfhum olan Azərbaycançılıq məfkurəsi uğurunda yorulmadan səy göstərməli və dövlətimizin inkişafı baxımından gecə-gündüz çalışmalıyıq.

Dünya Azərbaycanlıları Həmrəylik Gününüz mübarək olsun!

Natiq Cavadov – Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin direktoru,

Xaləddin Tağıyev – kollecin müəllimi.

Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO